2018-ci ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) yataqlarından qaz hasilatının maya dəyəri 2017-ci illə müqayisədə 7,4% və ya hər 1 min kubmetr üçün 57,6 manatadək azalıb.
Bu barədə SOCAR-ın saytlnda dərc olunan şirkətin 2018-ci il ərzində illik hesabatında deyilir.
Sənəd əsasən, mədən vergisi nəzərə alınmadan 2018-ci ildə SOCAR şirkətinin 1 min kubmetr qaz hasilatının maya dəyəri 45,82 manat təşkil edib (2017-ci illə müqayisədə azalma 9,09%).
2018-ci ildə şirkət üzrə qaz hasilatının maya dəyərinin azalması bir il öncə ilə müqayisədə əsaslı təmir xərclərinin (21,7%), əsas vasitələrin amortizasiyasının (2,1%), texniki xidmət xərclərinin (21,7%), digər xidmətlərə xərclərin (24,6%) və qalan xərclərin (43,7%) azalması ilə şərtlənir.
Maya dəyəri strukturunda əmək haqqının xüsusi çəkisi 9,7%, material xərcləri 4,2%, sosial sığortalara ayırmalar 2%, amortizasiya ayırmaları 26%, təmir xərcləri 4,7%, əsas vasitələrin texniki xidmət xərcləri 8,3%, mədən vergisi 18,4%, nəqliyyat xərcləri 16,7% təşkil edir. Qalan göstəricilər digər xərclərin payına düşüb.
Hesabata əsasən, 2018-ci ildə SOCAR şirkəti üzrə qaz hasilatı 6 mlrd. 420 mln. kubmetr təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 5,4% çoxdur. Eyni zamanda, 5 mlrd. 520 mln. kubmetr “Azneft” İB-nin (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) (artım 1,9%), 900 mln. kubmetr quru yataqlarının işlənməsi iklə məşğul olan birgə müəssislər və əməliyyat şirkətlərinin payına düşüb (artım 33,3%). **
N.Abbasova