2018-ci ildə SOCAR-ın kapital qoyuluşları 1 mlrd. 909 mln. 354,3 min manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 58,5% çoxdur. Bu barədə şirkətin 2018-ci il üzrə illik hesabatında deyilir. Hesabat SOCAR-ın saytında dərc olunub.
2018-ci ildə SOCAR-ın faktiki əsaslı xərcləri nəzərdə tutulduğundan 13,2% az olub.
Hesabata əsasən, ötən il şirkətin qazma xərcləri 747 mln. 990,5 min manat (o cümlədən istismar qazma xərcləri - 697 mln. 742,8 min manat, kəşfiyyat qazma xərcləri - 50 mln. 247,7 min manat) təşkil edib. Qazma işləri üzrə faktiki əsaslı xərclər planlaşdırıldığından 4% çox olub. 2017-ci illə müqayisədə 2018-ci ildə SOCAR qazma xərclərini 21,9%, o cümlədən istismar qazma xərclərini 83,8% artırıb, kəşfiyyat qazma xərclərini 78,5% azaldıb.
2018-ci ildə şirkətin tikinti işlərinə kapital qoyuluşları 946 mln. 789,1 min manat (artım 81,2%), quraşdırılma tələb etməyən avadanlıqlara kapital qoyuluşları 143 mln. 259,2 min manat (artım 2,9 dəfə), geoloji kəşfiyyat işlərinə kapital qoyuluşları 71 mln. 315,5 min manat (artım 3,5 dəfə) təşkil edib.
2018-ci ildə şirkət tərəfindən 1 mlrd. 118 mln. 754,6 min manat məbləğində əsas fondlar istismara verilib ki, bu da 2017-ci ilin göstəricisindən 10,9% çoxdur.*
N.Abbasova