Səhiyyə Nazirliyi 2 saylı Sumqayıt şəhər xəstəxanasının tikintisinin birinci mərhələsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsi məqsədilə podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı 400 manatdır.
Tender təklifləri 2019-cu il 16 dekabr saat 17:00-dək qəbul olunur. Tender proseduru dekabrın 17-də baş tutacaq.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ilin fevral ayında 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Əsaslı təmir işlərinin həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinə ilkin olaraq 5 mln. manat ayrılıb. Bu vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılır.
May ayının sonunda Səhiyyə Nazirliyi 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının tikintisi üzrə geoloji-mühəndis işlərinə və layihə-smeta sənədlərinin hazırlanmasına 582,330 min manat yönəldib. Nazirlik «IBA GROUP» MMC ilə sözügedən işlərin yerinə yetirilməsi haqqında müqavilə bağlayıb.
Səhiyyə Nazirliyi 2 saylı Sumqayıt şəhər Xəstəxanasının tikintisinə (söküntü işləri) 495 min manatdan artıq vəsait yönəldəcək. Bu işlərin həyata keçirilməsinə dair "S.H.İnşaat Xidməti" MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 495 min 870,69 manatdır. **
B.Rüstəmbəyov