Parlamentə təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklər layihəsi 10 yeni güzəşt və vergidən azadolmanı nəzərdə tutur. Bu barədə “İnterfaks-Azərbaycan”a Hesablama Palatasından məlumat verilib.
Palatanın məlumatına əsasən, 2019-cu ilin əvvəlinə ümumilikdə Azərbaycanda 1 mln. 267,109 min vergi ödəyicisi vergi güzəştləri və vergidən azadolma hüququna malik olub. Vergi güzəştləri və vergidən azadolmaların ümumi məbləği 1 mlrd. 275,9 mln. manat həcmində qiymətləndirilir.
“2019-cu ilin yekunları üzrə vergi güzəştlərindən istifadə edənlərin sayının, həmçinin güzəşt və azadolmaların həcminin artmasını gözləyirik. Qüvvədə olan Vergi Məcəlləsində 159 güzəşt və azadolma nəzərdə tutulur. Bunun 45-i (bütün güzəştlərin 28,3%-i) – fiziki şəxslərin gəlir vergisi, 29-u (18,2%-i) – hüquqi şəxslərin mənfəət vergisi, 45-i (28,3%-i) – ƏDV, 5-i (3,1%-i) – aksizlər, 20-si (12,6%-i) - əmlak vergisi, 10-u (6,3%-i) – torpaq, 5-i (3,1% -i) – sadələşdirilmiş verginin paylna düşüb”, - Hesablama Palatasından qeyd ediblər.
Həmin güzəştləri istiqamət üzrə iki qrupa bölmək olar: sosial – 41,5% və stimullaşdırıcı – 58,5%.
Xəbər verildiyi kimi, parlamentə təqdim edilən Vergi Məcəlləsinə düzəlişlər sənaye parkları və məhəllələrin rezidentlərinə, Formula-1 və Formula-2 yarışları çərşivəsində, heyvan mənşəli quş ətinin satışı zamanı, məhsul ixracatçılarına və s. müəyyən vergi güzəştlərinin təqdim olunmasını nəzərdə tutur. **
Ə.Məmmədov