ABŞ Dövlət Departametinin Qafqaz işləri və regional münaqişələr idarəsinin rəhbəri Şeril Fernandes Vaşinqtonun Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.
O, bu fikirləri Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə görüşdə səsləndirib.
“Ş.Fernandes görüşdə bildirib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır”, - deyə mərkəzin mətbuat xidmətindən bildirilib.
O, həmçinin vurğulayıb ki, Vaşinqton Azərbaycandakı iqtisadi islahatları və bir çox sahələr üzrə əməkdaşlıq imkanlarının mövcudluğunu müsbət qiymətləndirir.
Öz növbəsində, V.Qasımlı bildirib ki, aparılan islahatlar nəticəsində 9 ay ərzində qeyri-neft sektorunun artım tempi 3,5% olub, xüsusilə, qeyri-neft sənayesi, turizm, kənd təsərrüfatı, informasiya və rabitə xidmətləri iqtisadiyyatın əsas drayverlərinə çevrilib.
2018-ci ilin yekunları üzrə Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin həcmi $860 mln. təşkil edib, bunun $530 mln.-u ABŞ-a ixracın, $330 mln.-u Azərbaycana idxalın payına düşür. ABŞ tərəfindən Azərbaycana birbaşa investisiya qoyuluşları $13,6 mlrd., Azərbaycanın ABŞ-a portfel investisiyalarının həcmi $8,2 mlrd. məbləğində olub.*
A.Əzizov