Azərbaycanın Apellyasiya və Ali məhkəmələrində kommersiya kollegiyaları yaradılacaq. Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən Aynur Sabitova deyib.
“Bildiyiniz kimi, “Məhkəmələr və hakimlər haqqında” qanunda kommersiya məhkəmələrinin yaradılmasını nəzərdə tutan dəyişikliklər gələn ildən qüvvəyə minəcək. Bu məhkəmələrin qərarları ilə bağlı apellyasiyalara baxılması üçün Apellyasiya və Ali məhkəmələrdə xüsusi kommersiya kollegiyalarının yaradılması planlaşdırılır", - deyə A.Sabitova bu gün Bakıda keçirilən bank forumunda bildirib.
Bundan başqa, Azərbaycanda hakimlərin sayı da artırılacaq. “Bizdə hər 100 min nəfərə 6 hakim düşür ki, bu da Avropa ölkələri üzrə orta göstəricidən 3 dəfə azdır. Hakimlərin sayının azlığı məhkəmələrin əlçatanlığını çətinləşdirən amildir və buna görə hakimlərin sayının 200 nəfər artırılaraq 800 nəfərə çatdırılması planlaşdırılır”, - deyə o qeyd edib.*
Ə.Məmmədov