Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Vladimir Norov və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Şanxayda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
ŞƏT-in saytında verilən məlumata görə, görüş 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində baş tutub.
“Norov terrorizm və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ticarət, iqtisadi və mədəni əlaqələr, nəqliyyat əlaqələri, rəqəmsallaşdırma və elektron ticarətin inkişafı, eləcə də turizmin təşviqi sahəsində əməkdaşlığın aktivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, ŞƏT-ə üzv olan dövlətlər müşahidəçilərin və dialoq üzrə tərəfdaşların təşkilatın saziş və razılaşmalarına qoşulması məsələsini öyrənirlər", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Azərbaycan elə bu gün ŞƏT-in üzvü olan dövlətlərin hökumətləri arasında imzalanmış Beynəlxalq avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılması haqqında Sazişə qoşulma istiqamətində işə başlaya bilər.
Bundan əlavə, Norov Azərbaycan universitetlərinə tələbələr arasında “ŞƏT modeli” oyununun keçirilməsini təklif edib.
Ş.Mustafayev Azərbaycan ilə ŞƏT arasında qarşılıqlı əlaqələrin müsbət məcrada inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın təşkilatla əməkdaşlığı bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib, siyasi sahədə, eləcə də müxtəlif mədəni layihələrin həyata keçirilməsində sıx əməkdaşlığı yüksək qiymətləndirib.*
A.Əzizov