Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektorun (Interconnector Greece-Bulgaria, IGB) tikintisinin vaxtından əvvəl başa çatdırlması və 2020-ci ildə ölkəyə Azərbaycan qazının daxilolmasını gözləyir. Bunu Bolqarıstanın baş naziri Boyko Borisov deyib.
Borisov Azərbaycan, ABŞ və Yunanıstanın Bolqarıstandakı səfirləri Nərqiz Qurbanova, Herro Mustafa və Dimitrios Xronopulos ilə birlikdə İGB qaz kəmərinin tikintisinin gedişini təftiş edib.
“Bolqarıstan gələn ildən gec olmayaraq ABŞ, Kipr, Misirdən maye qaz, həmçinin Azərbaycandan təbii qaz ala biləcək. Gələn il biz bolqarlara deyə biləcəyik – siz asılı deyilsiniz, istədiyiniz yerdən qaz ala bilərsiniz”, - hökumətin mətbuat xidməti baş nazirin sözlərindən sitat gətirir.
Borisov vurğulayıb ki, qaz infrastrukturunun yaradılması Bolqarıstana qaz nəqlinin real şaxələndirilməsinə nail olmağa imkan verəcək. O dəqiqləşdirib ki, Balkan qaz şəbəkəsi və yaradılna qaz birjaları daha ucuz qaz ilə təmin edəcək, “çünki rəqabət olacaq”.
“İGB layihəsi diversifikasiya və Bolqarıstanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Enerji təhlükəsizliyi – milli təhlükəsizlikdir”, - ABŞ-ın səfiri bildirib.
“Mənim üçün və Azərbaycan üçün bu tarixi məqamdır. Diversifikasiya məsələlərində Bolqarıstanı dəstəkləməyə şadıq”, - Azərbaycanın səfiri bəyan edib.
“İGB üç ölkəni bir enerji layihəsində yaxınlaşdırır. Söhbət Aleksandrupolisdə maye qaz üçün terminalın tikintisindən gedir. Bu, Yunanıstan, ABŞ və Bolqarıstanın ümumi layihəsi olacaq. Və bu interkonnektor həmin layihənin başlanğıcıdır”, - Yunanıstanın səfiri qeyd edib.
İGB Avropa İttifaqında enerji bazarının təhlükəsizliyi və rəqabət qabiliyyətinin təminatı üzrə 7 prioritet layihələrdən biridir. Layihə Bolqarıstan və Cənub-Şərqi Avropa regionu üçün mənbələrin şaxələndirilməsi və qaz tədarükü nöqteyi-nəzərindən vacibdir. İGB vasitəsilə Bolqarıstan Trans-Adriatik qaz kəmərindən təbii qaz, maye qazı isə Aleksandrupolisdə terminal vasitəsilə ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və digər ölkələrdən ala biləcək.
Bolqarıstanla Yunanıstan arasında qaz kəmərinin uzunluğu 182 km təşkil edir, bunun 150 km hissəsi Blqarıstan ərazisində yerləşir. Kəmərin texniki gücü 3-5 mlrd kubmetr təşkil edir. Layihənin ümumi dəyəri – 220 mln. avro təşkil edir.
Xəbər verildiyi kimi, “Bulgargaz” və SOCAR arasında imzalanmış təbii qazın tədarükü haqqında müqaviləyə uyğun olaraq Bolqarıstan 2020-ci ildən etibarən hər il “Şahdəniz” yatağından hasil edilən 1 mlrd. kubmetr təbii qaz alacaq. 10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.
**
N.Abbasova