2020-ci ildə Azərbaycanın büdcə təşkilatlarının büdcədənkənar xərcləri 839,5 mln. manat (cari məzənnə ilə $493,8 mln.) məbləğində proqnozlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən mməlumat verilib.
“2020-ci ildə büdcə təşkilatlarının büdcədənkənar xərcləri 839,5 mln. manat təşkil edəcək ki, bu da 2019-cu il üçün gözlənilən icra göstəricisindən (590,3 mln. manat) 42,2% və ya 2018-ci ilin göstəricisindən 91% çoxdur”, - deyə məlumatda bildirilir.
Proqnoza görə, bu vəsaitin 48,9%-i (411,1 mln. manat) əməyin ödənilməsinə (2019-cu illə müqayisədə artım 35,2%), qalan məbləğ mal və xidmət alışına, qrantlara və digər sahələrə yönəldiləcək.
“Xərclər 55 qurum və 9 funksional şöbəni əhatə edir. 2018-ci illə müqayisədə 2020-ci ildə Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin xətti ilə xərclər nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.
Büdcədənkənar xərclərin təhlili göstərir ki, bu xərclərin xüsusi çəkisi ən çox vergi orqanlarının (29,9% və ya 251 mln. manat) payına düşür.
Büdcədənkənar xərclərin 16,4%-i və ya 137,93 mln. manat Daxili İşlər Nazirliyinin, 14,3%-i və ya 120 mln. manat Dövlət Gömrük Komitəsinin, 56,53 mln. manat Prezident Administrasiyasının, 37,37 mln. manat isə ASAN Dövlət Xidmətinin payına düşür.*
Ə.Məmmədov