Bu gün Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb.
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Üç mərhələdə keçirilən təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.
“Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdirilir”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov