Milli Məclisin deputatı Musa Quliyev hökumətə Naxçıvan-Gəncə aviareysini açmağı təklif edib.
“Hazırda Naxçıvanı Azərbaycanın qalan ərazisi ilə Bakıdan həyata keçirilən hava əlaqəsi bağlayır. Azərbaycanın qərb bölgələrinin sakinlərinin isə Naxçıvana uçmaq üçün hər dəfə Bakıya gəlməsi əlverişli deyil. Gəncə-Naxçıvan aviareysinin açılması iki şəhər arasında əlaqəni əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq", - deyə o, bu gün Milli Məclisin plenar iclasında 2020-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Qeyd edək ki, əvvəllər Gəncədən Naxçıvana uçuşlar həyata keçirilirdi. 2016-cı ildə Tarif Şurası hətta bu istiqamətdə uçuşların qiymətini bir istiqamətə 60 manat məbləğində müəyyən etmişdi.
Bununla əlaqədar olaraq M.Quliyev bu aviareysin açılmasının maliyyələşdirilməsi xahişi ilə hökumətə müraciət edib.
Bundan əlavə, deputatlar dövlət büdcəsi xərclərinin daha səmərəli idarə olunmasına və dövlət büdcəsinə təzyiqin azaldılmasına çağırıblar. Xüsusilə Fazil Mustafa əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin xarici investorların idarəçiliyinə verilməsini təklif edib.
“Hazırda əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin konsessiya müqaviləsi əsasında 50 il müddətinə xarici investorların idarəçiliyinə verilməsinə zərurət yaranıb. Bu, dövlət büdcəsinə təzyiqin xeyli azalmasına imkan verəcək”, - deyə o hesab edir.
Deputatın sözlərinə görə, bu, hökumətin həmin şirkətlərin borcunu qaytarmaq riskinin qarşısını alacaq və daha keyfiyyətli xidmətlərin təqdim edilməsinə imkan yaradacaq.*
Ə.Məmmədov