Azərbaycan hökuməti gələcək illərdə pensiyaların məbləğinin artırılması prosesini davam etdirəcək. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli belə hesab edir.
“Biznesin rəsmiləşdirilməsi və ümumilikdə kölgə iqtisadiyyatı ilə mübarizə ilə bağlı aparılan iş sosial müdafiəyə qıyrmaları mühüm dərəcədə artırmağa imkan verir. Təhlil, bu tendensiyanın davam edəcəyini göstərir. Bu, gələcək illərdə pensiyaların məbləğinin artımı prosesinin davam edəcəyini ehtimal etməyə imkan verir”, - Rəcəbli bu gün parlamentin plenar iclasında bildirib.
Rəcəblinin sözlərinə görə, gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 4 mlrd. 570 mln. 78,8 min manat pensiyaların ödənilməsinə nəzərdə tutulur.
Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 4 mlrd. 825 mln. 508,8 min manat məbləğində proqnozlaşdırılır, bu da 2019-cu ilin göstəricilərindən 16,9% çoxdur.
Gələn il gəlirlərin strukturunda 1 mlrd. 426,91 mln. manat (2019-cu illə müqayisədə artım 5,48%) dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq. Bundan əlavə, məcburi sosial sığorta üzrə DSMF-yə ayırmalar 3 mlrd. 392,6 mln. manat və ya bütün gəlirlərin 70,3%-i, büdcə təşkilatları işçilərinin icbari sığortası üzrə daxilolmalar 1 mlrd. 407,6 mln. manat, özəl sektordan daxilolmalar 1 mlrd. 958 mln. manat səviyyəsində proqnozlaşdırılır. Qalan daxilolmalar digər gəlirlər üzrə proqnozlaşdırılır.
2020-ci ildə xərclərin strukturunda əhaliyə ödənişlərə 4 mlrd. 684 mln. 678,8 min manat məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır. Həmçinin pensiya ödənişinə 4 mlrd. 570 mln. 78,8 min manat, müavinətlərin ödənilməsinə 114,6 mln. manat yönəldiləcək. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 33,9 mln. manat, fondun aparatının saxlanması xərcləri 84,8 mln. manat məbləğində proqnozlaşdırılır, qalan məbləğ digər xərclərin payına düşür.
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il kəsirsiz büdcəsinin gəlir və xərcləri 4 mlrd. 128 mln. 104 min manat səviyyəsində təsdiqlənib. **
Ə.Məmmədov