2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 14% artacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
“Biz 2019-cu ilin yekunları üzrə orta aylıq əməkhaqqının 14% artacağını gözləyirik. Bunun üçün yaxşı zəmin var. 10 ay ərzində əmək haqqı fondu 34%, median əməkhaqqı isə 32-33% artıb”, - deyə o, bu gün Milli Məclisin plenar iclasında deputatların sualına cavab verərkən bildirib.
Nazir qeyd edib ki, 2020-ci ildə orta aylıq əməkhaqqının 15,5%, 2021-ci ildə 7,2%, 2022-ci ildə 5,3%, 2023-cü ildə 5% artacağı proqnozlaşdırılır.
Beləliklə, 2020-2023-cü illərdə əməkhaqqının orta illik artımı 8,25% təşkil edəcək.
S.Babayev vurğulayıb ki, cari ilin 10 ayının yekunları üzrə bağlanmış əmək müqavilələrinin sayı 145 min - 1,673 mln.-dək artıb.
Daha əvvəl Maliyyə Nazirliyinə istinadən verilən məlumata görə, 2024-cü ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqının 849,9 manatadək (cari məzənnə ilə $499,9 – İF) artacağı proqnozlaşdırılır.
Proqnozlara görə, 2020-ci ilin sonuna orta aylıq əməkhaqqı 716,7 manat, 2021-ci ilin sonuna 768,6 manat, 2022-ci ilin sonuna 809,2 manat, 2023-cü ilin sonuna 849,9 manat təşkil edəcək.
1 sentyabr 2019-cu il tarixinə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 589,3 manat ($346,6) təşkil edir.*
Ə.Məmmədov