“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2019-cu ilin sonunadək Abşeron dairəvi dəmir yolu ilə elektrik qatarların hərəkətini təşkil etməyi planlaşdırır. Bunu QSC-nin sədri Cavid Qurbanov deyib.
Prezident İlham Əliyev çərşənbə günü “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib. Dövlət başçısının saytındakı məlumata görə, prezident C.Qurbanovla ölkədə dəmir yolu nəqliyyatının inkişafı məqsədilə ADY-nin reallaşdırdığı layihələri müzakirə edib.
“Birinci hissə, Abşeron dairəsini - yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol 2019-cu ilin axırınadək tamamlanır”, - Qurbanov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində dəmir yolu üzrə işlərin 80%-i, elektrik, rabitə və işarəvermə işlərinin isə 70%-i yerinə yetirilib.
Bundan əlavə, yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub.
“İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq. Sürəti də 140-a artırmaq istəyirik”, - Qurbanov bildirib. **
N.Abbasova