Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarını təşkil edə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan hökumətindən məlumat verilib.
“Bu məsələ cari ilin oktyabr ayında Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxstan Hökumətlərarası Komissiyanın iclası çərçivəsində müzakirə olunub. Xüsusilə, Qazaxıstan tərəfi yük göndərənlərin BTQ marşrutuna böyük marağını qeyd edib və bu dəhliz ilə uviversal vaqonlarda daşımaların müzakirəsinə hazırlığı barədə məlumat verib”, - hökumətdən qeyd ediblər.
Bundan başqa, iclsa zamanı Qazaxıstan tərəfi Azərbaycana Aktau ilə Bakı arasında fider əlaqəsi çərçivəsində quru yüklər üçün liman yığımlarını unifikasiya etməyi təklif edib.
“Xüsusilə Azərbaycan tərəfinə Qazaxıstan bayrağı altında üzən fider gəmilərdən Azərbaycanın limanlarında liman yığımlarını Aktau limanında Azərbaycan bayrağı altında üzən gəmilərdən alınan liman yığımları məbləğinədək təshih olunması təklif edilib”, - hökumətdən qeyd ediblər.
O cümlədən, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə tərəflər 2020-ci ilin birinci yarısında beynəlxalq avtomobil daşınmaları üzrə Azərbaycan-Qazaxıstan Qarışıq Komissiyasının növbəti iclasının keçirilməsinə dair razılığa gəliblər.
Xəbər verildiyi kimi, Aktau ilə Bakı arasında mütəmadi fider əlaqəsi 2019-cu ilin aprel ayında yaradılıb. Bu layihənin dəniz operatoru “Kazmortransflot” şirkətidir. Fider gəmiləri həftəlik əsasda hərəkət edir. Qazaxıstan Aktau ilə Bakı arasında mütəmadi fider əlaqəsinin istifadəyə verilməsi ilə illik 75-100 min konteyner nəql etməyi nəzərdə tutur.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.
BTQ-nin ümumi uzunluğu 826 km-dir.**
N.Abbasova