2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 38,1 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-oktyabr aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,5% artıb.
Bu dövrdə sənaye məhsulunun 70,3%-i mədənçıxarma sektorunda, 24,9%-i emal sektorunda, 4,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Yanvar-oktyabr aylarında emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3%, hazır metal məmulatlarının istehsalı 83,5%, tütün məmulatlarının istehsalı 67,6%, içkilərin istehsalı 39,5%, kompüter, elektron və optik məhsulların istehsalı 37,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 37%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,4%, mebel istehsalı 29,5%, kimya sənayesi məhsullarının istehsalı 26,5%, kağız və karton istehsalı 24,6%, poliqrafiya məhsullarının istehsalı 23,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,7%, əczaçılıq məhsullarının istehsalı 20,8%, qida məhsullarının istehsalı 13,9%, geyim istehsalı 12%, elektrik avadanlıqlarının istehsalı 6,8%, maşın və avadanlıqların istehsalı 4,5%, tikinti materiallarının istehsalı 3,8% artıb.
Neft məhsullarının istehsalı 4,8%, sair nəqliyyat vasitələrinin istehsalı 10,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 12,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 26,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,4% artıb.
2018-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 47,7 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur.*
N.Abbasova