2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 31 mlrd. 122,9 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 15 mlrd. 741,8 mln. manat (2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 2,7%), qeyri-ərzaq mallarının alınmasına 15 mlrd. 381,1 mln. manat (artım 3,4%) sərf olunub.
Yanvar-oktyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7%-i içki və tütün məmulatlarının, 18,3%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 159,1 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
B.Rüstəmbəyov