Prezident İlham Əliyev bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə onu yaxın, etimada əsaslanan münasibətlər bağlayır.
“Rusiya prezidenti ilə məni yaxın, etimada əsaslanan münasibətlər bağlayır. Bu, çox vacibdir. Biz dəqiq başa düşürük ki, sıx qarşılıqlı fəaliyyətimiz, strateji tərəfdaşlığımız bizim üçün, xalqlarımız üçün vacibdir”, - deyə o, bu gün Bakıda Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib.
İ.Əliyev əlavə edib ki, onun Putinlə yaxşı şəxsi münasibətləri də var. “Məhz bu qarşılıqlı etimad səviyyəsi çoxillik, səmimi və həqiqi əməkdaşlıq sayəsində qazanılıb. Bu etimad səviyyəsi bizim hər hansı məsələləri müzakirə etməyimizə və onları həll etməyimizə imkan verir. Mən də Rusiya prezidentinə böyük hörmət bəsləyirəm”, - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında yaxşı münasibətlərin təməlini vaxtilə Heydər Əliyev qoyub.
“Ona görə mən bu yolla gedirəm və Rusiya prezidenti ilə mənim çoxsaylı görüşlərim bir-birimizə səmimi münasibətin təzahürüdür”, - deyə dövlət başçısı vurğulayıb.*
A.Əzizov