18 noyabr tarixindən Bakı Fond Birjasında (BFB) “Paşa Yatırım Bankası” şirkətinin (“PAŞA Bank”ın Türkiyədəki törəməsi) istiqrazlarının təkrar bazarda ticarətinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a BFB-dən məlumat verilib.
“Qiymətli kağızların hər biri $25 milyon olmaqla iki müxtəlif emissiyası listinqə daxil edilib. Bir qiymətli kağızın nominal dəyəri $1 min təşkil edir”, - BFB-dən qeyd olunub.
İstiqrazlar üzrə gəlirlilik 2,95% təşkil edir. Birinci emissiya üzrə ödənişlər (AZ2003020172- İF) rübdə bir dəfə, ikinci üzrə (AZ2003020173 – İF) – ayda bir dəfə həyata keçirilir.
“PAŞA Bank” 2013-cü ildə Türkiyənin “Yatırım Bankası”nın əsas səhmdarı oldu, 2015-ci ildə adını “Paşa Yatırım Bankası”na dəyişdi.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
Ə.Məmmədov