Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Noyabrın 16-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirilib. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat təliminin nəticələrini təhlil edərək müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib, komandir heyətinin qoşunları idarə etmək bacarığını, ümumilikdə hərbi qulluqçuların peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib”, - nazirlikdən məlumat verilir.
Müdafiə naziri Azərbaycan Ordusu qarşısında qoyulan müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq göstəriş verib.
Xəbər verildiyi kimi, noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb.
Üç mərhələdə keçirilən təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir. **
B.Rüstəmbəyov