“Belavia” aviaşirkəti 2020-ci ildən etibarən Minsk-Bakı marşrutu üzrə gündəlik reyslərə keçməyi planlaşdırır. Bu barədə aviaşirkətin Marketinq və Xarici İqtisadi Fəaliyyət Xidmətinin rəisi Yekaterina Radişevskaya məlumat verib.
“Bu gün Minsk-Bakı-Minsk aviareysi həftədə 5 dəfə yerinə yetirilir və bu marşruta tələbat böyükdür. Təkcə 2018-ci ildə 20 mindən çox sərnişin daşınıb, reyslər əvvəlki kimi Azərbaycan aviadaşıyıcısının kodu altında yerinə yetirilir, 2019-cu ildə isə sərnişin axını sürətlə artacaq. 9 ay ərzində artım 100%-dən çoxdur", - deyə o, Minskdə Azərbaycanın turizm potensialının təqdimatında bildirib.
Belarus KİV-nin məlumatına görə, Y.Radişevskaya qeyd edib ki, 2020-ci ildən etibarən “Belavia” Bakıya gündəlik uçuşlar həyata keçirməyi planlaşdırır.
Bundan əlavə, milli aviadaşıyıcı 2019-cu ilin noyabr ayının sonunadək tarif siyasətində dəyişiklik etməyi nəzərdə tutur ki, bu da biletlərin qiymətinin ucuzlaşmasına səbəb olacaq.
"Bu gün bütün vergi və rüsumlar daxil olmaqla Minsk-Bakı aviareysinə biletin qiyməti bir tərəfə təxminən 115 avro, gediş və gəliş bileti 262 avrodur. Yaxın zamanlarda biz tarif siyasətində dəyişiklik etməyi planlaşdırırıq ki, nəticədə bu istiqamətə biletin qiyməti ucuzlaşacaq. Bir istiqamətə biletin qiyməti 100 avroya qədər, hər iki istiqamətə isə bütün vergi və rüsumlar daxil olmaqla 200 avrodan bir qədər az olmalıdır. Bizdə, həmçinin müntəzəm olaraq kampaniyalar da keçirilir”, - deyə Xidmət rəisi vurğulayıb.
Bundan başqa, “Belavia” müvafiq qrup sifarişləri olarsa, Minsk-Bakı xəttindəki təyyarələrin növünü (Embraer-195 (11 biznes-klass/ 96 ekonom)) daha böyük tutumlu təyyarələrlə əvəz etməyə hazırdır.
Tədbirdə çıxış edən Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov ölkələr arasında qarşılıqlı turist axınının artırılması və birgə turizm məhsullarının yaradılmasının zəruriliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Belarusla üçüncü ölkələr, məsələn, Belarus-Gürcüstan-Azərbaycan və ya Azərbaycan-Belarus-Ukrayna üçün kombinasiya edilmiş turizm məhsulları yaratmaqda maraqlıdır.*
A.Əzizov