Prezident İlham Əliyev Qətərlə yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsinin vacibliyini qeyd edir.
İ.Əliyev bu gün Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.
“Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Əminəm ki, siyasi, iqtisadi və müxtəlif sahələrdə biz çoxlu tərəqqi müşahidə edəcəyik. Hesab edirəm ki, tərəfdaşlığımızın ənənəvi sahələrinə əsas diqqəti yetirmək və yeni sahələri aşkar etmək üçün gələcəkdə çoxlu imkanlar olacaq”, - deyə prezident qeyd edib.
O deyib ki, ticarət dövriyyəsi ilə bağlı olan məsələyə xüsusi diqqət yetirilməlidir. “Hesab edirəm ki, ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var. Şadam ki, ölkənizdən gələn turistlərin sayı artmaqdadır və bu da bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Sizin vətəndaşlar üçün heç bir viza tələbi yoxdur və əminəm ki, hər iki istiqamətdə biz turistlərin sayının artdığını görəcəyik”, - deyə İ.Əliyev əlavə edib.
Dövlət başçısı investisiyaların potensial əməkdaşlıq sahələrindən biri olduğunu diqqətə çatdırıb. “Biz birgə investisiya layihələri üçün sahələri tapa bilərik”, - deyə o vurğulayıb.*
A.Əzizov