ABŞ Azərbaycan və Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə əməkdaşlıq edir. Bu sözləri ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer deyib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ üçün də mühüm əhəmiyyət daşıyır. Bu məsələni keçirdiyim hər görüşdə müzakirə edirəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və bu baxımdan hər iki tərəflə əməkdaşlıq edir, münaqişənin dinc yolla həlli yollarını axtarmaq öhdəliyinə sadiq olduğunu göstərir”, - deyə o, Facedook istifadəçilərinin suallarına cavab olaraq bildirib.
Səfirin sözlərinə görə, Vaşinqton bu münaqişənin Helsinki Yekun Aktının 3 prinsipi əsasında həllində çox maraqlıdır.
Ö.Litzenberqer qeyd edib ki, 1992-ci ildən bəri ABŞ Azərbaycana müxtəlif istiqamətlər (təhlükəsizlik, iqtisadi inkişafa dəstək, kənd təsərrüfatı, təhsil, səhiyyə) üzrə $1,5 milyard həcmində maliyyə yardımı göstərib.*
A.Əzizov