2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi ötən ilin 9 ayı ilə müqayisədə 96% artaraq $1,7 milyarda çatıb. Bu barədə baş nazirin müavini Şahin Mustafayev deyib.
“Son illərdə Azərbaycan və Çin arasında iqtisadi və ticarət əlaqələri sürətlə inkişaf edir, biz ən yüksək keyfiyyətli məhsulları fəal şəkildə Çin bazarında təşviq edirik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi $1,7 milyarda çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 96% çoxdur. Azərbaycan Cənubi Qafqazda Çinin ən mühüm ticarət tərəfdaşıdır", - deyə Ş.Mustafayev Çinin “Global Times” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Çinlə Anlaşma Memorandumu imzalandıqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb, Azərbaycan Çin iqtisadiyyatına $1,7 milyard sərmayə yatırıb.
“İkinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Azərbaycan Çin şirkətləri ilə dəyəri $800 milyondan çox olan 10 birgə sənəd imzalayıb. Bu ilin fevral ayında Çinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Turizm Agentliyi arasında “Çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn çinli turistlərin sayı 64% artıb”, - deyə baş nazirin müavini vurğulayıb.*
Ə.Məmmədov