Zaur Cəlilov "LUKOYL-Azərbaycan" QSC-nin yeni direktoru təyin olunub. Bu barədə «LUKOIL» şirkətinin məlumatında deyilir.
Bundan öncə “LUKOIL Italia S.r.l.” (Roma) şirkətində kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyən Zaur Cəlilov 2019-cu il oktyabrın 25-də “LUKOYL-Azərbaycan” QSC-nin direktoru təyin olunub.
Zaur Cəlilov yeni vəzifədə Aydar Abdullini əvəz edib. A.Abdullin isə "LUKOIL-Trans" MMC-yə baş mühəndis vəzifəsinə təyinat alıb.
Qeyd edilir ki, kadr dəyişiklikləri “LUKOIL” PSC-nin şəxsi heyətin idarə olunması siyasəti və törəmə cəmiyyət rəhbərlərinin kadrların rotasiyası praktikasına əsasən həyata keçirilib.
QSC-yə yeni rəhbərin təyin olunması şirkətin fəaliyyətinin təkmilləşdirilməsinə və “LUKOIL” Qrupunun standartlarına tam uyğunlaşdırılmasına hədəflənib.
Zaur Cəlilov Azərbaycan Dövlət Neft Akademiyası və Milan Dövlət Universitetində magistratura üzrə təhsil alıb.
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
Şirkət “Şah-Dəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında fəaliyyət göstərir.*