Sosial Tədqiqatlar Mərkəzi (STM) oktyabr ayında prezident İlham Əliyevin reytinqinin yüksəldiyini qeyd edir.
Mərkəzin məlumatına görə, ictimai rəy sorğusunda Azərbaycanın müxtəlif rayonları üzrə 1,316 min respondent iştirak edib. Sorğunun aparılmasında “üz-üzə” metodu tətbiq edilib.
Anket 18 sualdan ibarət olub və üç əsas istiqamətdə aparılıb.
Respondentlərin 67,6%-i kişi, 32,4%-i qadındır.
Vətəndaşların 77,5%-i ölkə prezidentinə inam və etimadının daha da artdığını, 18.1% respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib.
Prezidentin oktyabrın 3-də Soçidə “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi əhalidə vətənpərvərlik hissini gücləndirmiş, dövlətə olan inam və etibarı artırmışdır. Bu, rəyi soruşulanların 85,8%-nin fikridir. 76,9% isə hesab edir ki, prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı Ermənistanın beynəlxalq müstəvidə mövqelərinin zəiflədilməsi baxımından təsirli olub. Ümumiyyətlə, respondentlərin 84.9%-i Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib.
Prezidentin Aşqabadda MDB Dövlət Başçıları Sammitindəki çıxışı rəyi soruşulanların 85%-i tərəfindən rəğbətlə qarşılanıb. 80,1% bu çıxışın münaqişənin tənzimlənməsi istiqamətində də təsirli olacağı qənaətindədir.
Prezidentin oktyabr ayında həyata keçirdiyi struktur və kadr islahatlarından respondentlərin gözləntiləri kifayət qədər böyükdür. Respondentlərin 87,6%-i prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir.
Oktyabr ayında keçirilən rəy sorğusu göstərdi ki, Prezidentin kadr islahatlarına ictimai dəstək getdikcə daha da artır. Belə ki, cari ilin iyun ayında bu dəstək 74% təşkil etdiyi halda, oktyabr ayında 86,5%-ə bərabər olub.
Rəyi soruşulanların 83,7%-i hesab edir ki, ölkə prezidenti tərəfindən həyata keçirilən kadr və struktur islahatları onların gözləntilərini doğruldur.*
A.Əzizov