Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın sənaye və ticarət naziri Denis Manturov arasında işçi görüş keçirilib. Görüşdə birgə layihələr müzakirə edilib.
"2019-cu ilin yanvar-sentyabr aylarının yekunları üzrə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 25%-dən çox artaraq $2,2 milyard təşkil edib. Rusiyadan Azərbaycana ixracın həcmi 30%-dən çox - $1,6 milyarda qədər artıb", - deyə Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Rusiya ilə Azərbaycan arasında sənaye sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri avtomobil və vaqonqayırma sahəsidir. Xüsusilə KAMAZ avtomobillərinin yığılması layihəsi uğurla inkişaf edir. Bu layihə Gəncə Avtomobil Zavodu ilə birlikdə həyata keçirilir.
Aviasiya sənayesi sahəsində əsas layihə isə Azərbaycan ərazisində Mi tipli helikopterlərin təmiri və texniki xidmət üzrə servis mərkəzinin yaradılması ilə bağlıdır.
"Tərəflər, həmçinin gəmiqayırma, kənd təsərrüfatı maşınqayırması və əczaçılıq sənayesi sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər", - deyə məlumatda vurğulanır.*
A.Əzizov