“Azərbaycan Hava Yolları” (AZAL) QSC “Airbus A320Neo” və “Airbus А220” kimi yeni nəsil təyyarələrin alınması imkanlarını öyrənir. Bu barədə cəmiyyətin mətbuat xidmətinin məlumatında deyilir.
AZAL-ın vitse-prezidenti Eldar Hacıyev illik “Dubai Air Show 2019” aviasalonu və sərgisi çərçivəsində “Airbus” konserninin kommersiya direktoru Kristian Şererlə görüşüb.
“Danışıqların əsas mövzusu “Airbus A320Neo” və “Airbus А220” kimi yeni nəsil təyyarələrin texniki və kommersiya xüsusiyyətləri ilə tanışlıq olub. Avropanın aparıcı təyyarə konserninin bu təyyarələri özlərini doğrultmuş və öncəki nəsil təyyarələrin təkmilləşdirilmiş versiyasıdır. “Airbus” şirkəti artıq bu təyyarənin təchizatı ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən çoxlu sayda sifariş alıb”, - deyə AZAL-ın məlumatında bildirilir.
Azərbaycan nümayəndə heyəti, həmçinin Dubayda bir sıra nəhəng maliyyə şirkətləri ilə təyyarə parkının yenilənməsi proqramlarının maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparıb.
“Hava gəmilərinin istismarının iki növü nəzərdən keçirilib – əməliyyat və maliyyə lizinqi”, – deyə məlumatda qeyd olunur.
AZAL-ın nümayəndə heyəti Dubayda “GE Aviation” şirkətinin vitse-prezidenti Ceyson Toniç (Jason J Tonich) ilə də danışıqlar aparıb. “GE Aviation” müxtəlif modifikasiyalı, həmçinin “Azərbaycan Hava Yolları”nın donanmasına daxil olacaq yeni sərnişin təyyarələrinin mühərriklərinin aparıcı təchizatçılarındandır.
Bundan başqa, “Al Heya Holding”in prezidenti Abdulla Əl-Mansuri (Abdullah Al Mansoori), Avstriyanın tikinti korporasiyası “Waagner-Biro”nun sahibi və icraçı direktoru Yoqan Sişka (Johann Sischka) ilə geniş görüş keçirilib. Görüşdə Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturunun inkişafı və BƏƏ-nin nəhəng şirkəti tərəfindən investisiyanın ayrılması məsələləri müzakirə edilib.
Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.
Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40-a yaxın istiqamətdən ibarətdir.*
N.Abbasova