Amerikanın “FlightSafety International” şirkəti “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə yeni “Embraer E190-E1” trenajor kompleksi tədarük edəcək.
“Milli Aviasiya Akademiyası üçün “Embraer E190-E1” aviasiya trenajorunun əldə edilməsinə dair Niyyət Sazişi “Dubai Air Show 2019” sərgisi çərçivəsində imzalanıb. Yeni trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və lisenziyalaşdırılması üçün imkan yaradacaq”, - deyə AZAL-ın mətbuat xidmətinin məlumatında bildirilir.
Bundan başqa, aviaşou çərçivəsində “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Macarıstan aeronaviqasiyası “HungaroControl” arasında Avropa və Avrasiya hava limanlarının aeronaviqasiya məlumatlarının mübadiləsi üçün mərkəzləri Budapeşt və Bakıda olmaqla rəqəmsal magistralın yaradılması haqqında müqavilə imzalanıb.
“Bu əməkdaşlığın strateji məqsədi hava nəqliyyatının idarə olunması sahəsində kritik məlumatların etibarlı və təhlükəsiz mübadiləsini təmin etməkdir ki, bu da öz növbəsində Avropa ilə Avrasiya arasında kəsilməz və funksional əlaqəni təmin edəcək”, - deyə məlumatda qeyd olunur.
Saziş “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru Fərhan Quliyev və “HungaroControl”un icraçı direktoru Kornel Szepessy tərəfindən imzalanıb.
“Bu saziş Avropa İttifaqı ilə Avrasiya arasında aviasiya məlumatlarının ötürülməsi üçün sabit rəqəmsal magistral kanalının yaradılmasına, habelə aviasiya məlumatlarının Bakıdakı serverlərdə saxlanılması və daha sonra Avrasiyanın aviasiya istifadəçilərinə ötürülməsinə imkan verəcək”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, Avstriyanın “Frequentis” şirkətinin prezidenti Norbert Haslaher (Norbert Haslacher) ilə görüşdə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində ən yeni nəsil rəqəmsal rabitə sisteminin tətbiqi ilə bağlı layihə müzakirə edilib. “Frequentis” texnologiyaları ABŞ-ın aerokosmik agentliyi NASA da daxil olmaqla dünyanın aparıcı aviasiya provayderləri tərəfindən istifadə olunur.*
N.Abbasova