2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 191 milyon 721,9 min ton yük daşınıb ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 82,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 17,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-oktyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7% artıb.
Hesabat dövründə dəmir yolu ilə 12 milyon 535,8 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,1% çoxdur.
Dəniz nəqliyyatı ilə 4 milyon 893,8 min ton (azalma 28,3%), avtomobil nəqliyyatı ilə 125 milyon 865 min ton (artım 2,9%), hava nəqliyyatı ilə 159,1 min ton (azalma 4,4%) müxtəlif yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri vasitəsilə 32 milyon 424,7 min ton neft (azalma 6,4%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov