Bakı Dövlət Universitetinin (BDU) 3 tələbəsinin zəhərlənməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb. Bu barədə prokurorluğun məlumatında deyilir.
“Fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib”, - deyə məlumatda bildirilir.
Hazırda iş üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, bu gün Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmiş 3 tələbə qız aşkarlanıb.
“Bu gün saat 12:35 radələrində 2 saylı yataqxanadan Təcili Yardım Xidmətinə 3 tələbənin zəhərlənməsi barədə məlumat daxil olub”, - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Həkimlərin otaqda huşsuz vəziyyətdə tapdıqları qızların ağızlarından qan gəlib.
“Qızlar Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Onlardan biri ölüb, ikisinin vəziyyəti isə kritikdir”, - deyə məlumatda qeyd olunur.
Tələbələr 20-22 yaş arasındadır.*
B.Rüstəmbəyov