2020-ci ildə Sumqayıt Kimya Sənaye Parkı (SKSP) ərazisində 7 müəssisə istismara veriləcək. Bu barədə prezident İlham Əliyev məlumat verib.
“Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var, 13 zavod artıq fəaliyyət göstərir, əlavə 7 zavod isə yəqin ki, gələn il fəaliyyətə başlayacaq”, – deyə o, noyabrın 21-də Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Sumqayıt Texnologiyalar Parkında 10 zavod fəaliyyət göstərir. “Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək”, - deyə İ.Əliyev vurğulayıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.*
A.Əzizov