Prezident İlham Əliyev insan hüquqlarının pozulması ilə bağlı Azərbaycan hakimiyyətinin ünvanına səsləndirilən ittihamları əsassız sayır.
İ.Əliyev noyabrın 21-də Bolqarıstan Respublikasının daxili işlər naziri Mladen Marinovla görüşdə təhlükəsizlik məsələsinə, xüsusilə beynəlxalq təşkilatların bəzən dinc nümayişçilərin qəddarcasına, qeyri-insani dağıdılmasını görərkən susması ilə bağlı hallara toxunub.
“Biz bir sıra inkişaf etmiş ölkələrin polis orqanlarının demək olar ki, hər gün nümayişçilərlə necə davrandığını, onları döydüklərini, öldürdüklərini, xəsarət yetirdiklərini, qaz, su, dəyənəklə, itlərlə qovduqlarını və çox böyük qəddarlıq nümayiş etdirdiklərini televiziyada görürük. Həm də biz bu cür halları dünyanın müxtəlif ölkələrində, müxtəlif regionlarında, o cümlədən ən inkişaf etmiş ölkələrdə görürük. Lakin Azərbaycanda bizi bir məsələ həmişə maraqlandırır, nə üçün insanların hüquqlarının təmininə cavabdeh olan beynəlxalq təşkilatlar bəzən dinc nümayişçilərin qəddarcasına, qeyri-insani dağıdılmasını görərkən susurlar?”, - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, Azərbaycanda hansısa kiçik epizod baş verdikdə isə, məsələn, təxminən bir ay əvvəl qanunsuz aksiyanın qarşısının heç bir güc tətbiq etmədən alınmasından sonra beynəlxalq təşkilatlar, bəzi ölkələrin Azərbaycandakı səfirləri bəyanatlar verməyə başlayıblar və az qala hökumətimizi ittiham etməyə cəhd ediblər. Bu hal Avropada həm də qurbanlarla, qətllərlə, xəsarətlərlə, nümayişlərin dağıdılması ilə baş verdikdə isə hüquq müdafiə təşkilatları və beynəlxalq strukturlar susurlar. Bu, ikili standartların təzahürüdür və bu ikili standartlar onları nümayiş etdirən həmin təşkilatları nüfuzdan salır.
“Kimisə hər hansı məsələdə ittiham etmək üçün, ilk növbədə, buna mənəvi haqqın olmalıdır. Bizi isə bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə