Rusiya və Azərbaycan 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramı hazırlayır. Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin məlumat verib.
“Ötən il Rusiya və Azərbaycan prezidentləri arasında aparılan danışıqların yekunları üzrə imzalanmış 5 “yol xəritəsi” üzrə işlər yaxşı nəticələr verməyə başlayıb. Bu ilin 8 ayı ərzində ümumi ticarət dövriyyəsi 25,7% artaraq $1,9 milyardı ötüb. Rusiya məhsullarının ixrac həcmi 30,7% artaraq $1,4 milyard, Azərbaycan məhsullarının idxal həcmi 14,5% artaraq $546,7 milyon təşkil edib", - deyə M.Oreşkin "Moskva-Bakı" portalına müsahibəsində bildirib.
O əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramı da hazırlıq mərhələsindədir.
Nazirin sözlərinə görə, hazırda Rusiyanın 70-dən çox regionu Azərbaycanla xarici ticarət fəaliyyətinə cəlb olunub.
"Azərbaycan bizim üçün ərzaq məhsullarının ayrı-ayrı növlərinin (təzə meyvə - 28,3%, pomidor - 28%, qoz - 22,2%, kartof - 13,3%, ərik, albalı, gilas –12,5% - “Moskva-Bakı” portalının qeydi) əsas tədarükçülərindən biridir. Eyni zamanda, qarşılıqlı ticarətin daha da artırılması üçün potensial görürük, o cümlədən də “Yol xəritələri” formatında”, - deyə M.Oreşkin əlavə edib.*
Ə.Məmmədov