Sumqayıt Kimya Sənaye Parkının(SKSP) rezidentləri 2019-cu ilin yanvar-sentyabr aylarında 190 milyon manatlıq məhsul ixrac ediblər. Bu barədə “SKSP” MMC-nin direktoru Nazim Talıbov məlumat verib.
“Yanvar-sentyabr aylarında 190 milyon manatlıq ixracla Sumqayıt Kimya Sənaye Parkının ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi 11% edib”, - deyə o, noyabrın 21-də Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Direktorun sözlərinə görə, ixrac isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə artıb.
Həmçinin bu ilin 9 ayında parka 600 milyon manat investisiya yatırılıb ki, bu da ölkə sənayesinin qeyri-neft sektoru üzrə investisiyalarının 50 faizini təşkil edir.
“Eyni zamanda, bu ilin 9 ayında 440 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 5,3% olub”, - deyə N.Talıbov qeyd edib.
O əlavə edib ki, Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Onların investisiya portfeli $3 milyard təşkil edir. Sumqayıt Kimya Sənaye Parkında 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavodun gələn il fəaliyyətə başlaması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.*
B.Rüstəmbəyov