Azərbaycanda yüksək iqtisadi artım templəri islahatların davam edəcəyi və qeyri-neft sektorunun rolunun artacağı halda mümkündür. Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) belə hesab edirlər.
“Biz iqtisadi artımın 2019-cu ildə 2,8%, 2020-ci ildə isə 2,4% səviyyəsində olacağını proqnozlaşdırırıq. Xammalın qiymətindəki dəyişkənlik yaxın dövrdə artım perspektivləri üçün risk yaradır. İqtisadiyyatın xarici şoklara dayanıqlılığı əhəmiyyətli likvidlik buferləri ilə dəstəklənir, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları və Dövlət Neft Fondunun aktivləri 2019-cu il üçün proqnozlaşdırılan nominal ÜDM-yə demək olar ki, bərabərdir”, - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AYİB-in qiymətləndirmələrinə görə, Azərbaycan iqtisadiyyatının bərpası (2015-2016-cı illər böhranından sonra - İF) davam edəcək.
"2019-cu ilin 9 ayı ərzində qeyri-neft sektorunda artım tempinin 3,5%-ə qədər sürətlənməsi sayəsində iqtisadi artım 2,5% təşkil edib. İnflyasiya 2018-ci ildəki 2,3%-dən 2019-cu ilin 9 ayı ərzində qeydə alınan 2,8%-ə qədər sürətlənib”, - deyə məlumatda qeyd olunur.
AYİB-in mütəxəssisləri vurğulayırlar ki, karbohidrogen ixracının artması və xammalın qiymətinin münasib olması şəraitində cari əməliyyatlar hesabının profisiti 2017-ci ildə ÜDM-nin 4,1%-dən 2018-ci ildə ÜDM-nin 12,9%-dək artıb.
"2019-cu ilin birinci yarısında bu tendensiya neft-qaz sektoru balansındakı durğunluqla birlikdə xidmətlərin zəif ixracı fonunda ötən ilin müvafiq dövrü ilə müqayisədə zəifləyib", - deyə bankda hesab edirlər.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2020-2023-cü illərdə Azərbaycanda ÜDM-nin orta illik artımı 3,25% təşkil edəcək.
2020-ci ildə ÜDM-nin 3%, 2021-ci ildə 3,7%, 2022-ci ildə 3,1%, 2023-cü ildə 3,2% artacağı proqnozlaşdırılır.
2020-ci ildə qeyri-neft sektoru üzrə ÜDM 0,9%, 2021-ci ildə 4,5%, 2022-ci ildə 2,7%, 2023-cü ildə 1,9% artacaq. 2020-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-nin artımı 3,8%, 2021-ci ildə 3,4%, 2022-ci ildə 3,3%, 2023-cü ildə 3,8% səviyyəsində proqnozlaşdırılır.
2019-cu ilin yekunları üzrə Azərbaycanda ÜDM-nin 2,3% artacağı proqnozlaşdırılır.
2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,4% təşkil edib.*
Ə.Məmmədov