Dekabr ayında Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sektorunda əməkdaşlıq proqramı imzalanacaq. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışı zamanı verdiyi məlumata görə, bu proqram həm də sözügedən sahədə ticarət dövriyyəsinin artırılmasına yönəlib.
"Kənd təsərrüfatı ticarət əməkdaşlığının prioritetlərindən biridir. Hazırda hərtərəfli qarşılıqlı fəaliyyət proqramı üzərində işləyirik, bu proqram Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində bütün mərhələlərdə (toxum, gübrə, kənd təsərrüfatı texnikası, logistika və ticarət şəbəkələri ilə qarşılıqlı əlaqə) əməkdaşlığı nəzərdə tutur.
"Söhbət koordinasiyadan və şəbəkələrə lazımi tədarükçüləri tapmaqda köməklik etməkdən gedir. Ticarət şəbəkələrinə ən aşağı qiymətə ən yüksək keyfiyyətli mal təqdim edən tədarükçüləri tapmaqda kömək edəcəyik", - deyə nazir izah edib.
“Dekabr ayında hökumətlərarası komissiyanın (Oreşkin Rusiya tərəfdən komissiyanın həmsədridir, iclas 9 dekabr tarixində keçiriləcək - İF) Bakıda keçiriləcək iclası çərçivəsində bu proqramı imzalamağı planlaşdırırıq ki, bu sahədə mövcud potensialı reallaşdıra bilək”, - deyə M.Oreşkin qeyd edib.*