Azərbaycanın bank sektorunda islahatlar yarımçıq qalır, onları aktivləşdirmək lazımdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) analitikləri belə hesab edirlər.
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) əvvəlcədən planlaşdırıldığı kimi özəlləşdirilməlidir. Bank sektorundakı çatışmazlıqlar həm tənzimləyicinin müstəqilliyi və potensialının, həm də normativ-hüquqi bazanın möhkəmləndirilməsi yolu ilə aradan qaldırılmalıdır”, - deyə bankdan "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər.
Bununla yanaşı, bank kredit fəallığının bərpa olunmağa başladığını, lakin maliyyə sektorunda zəif mövqelərin hələ də qaldığını vurğulayır.
“2018-ci ildə bankların kredit portfelinin azalması dayanıb və ümumi makroiqtisadi sabitləşmə və iqtisadi artımın bərpası fonunda tədricən artmağa başlayıb. Kreditlərin və depozitlərin dollarlaşması azalmaqdadır, lakin 2019-cu ilin avqust ayına olan vəziyyətə görə müvafiq olaraq 34,3% və 63% səviyyəsindədir. Son iki ildə vaxtı keçmiş kreditlərin payı azalsa da, yenə də yüksək olaraq (10,8%) qalır”, - deyə AYİB-dən qeyd ediblər.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın əsas səhmdarı Maliyyə Nazirliyidir.*
Ə.Məmmədov