2019-cu ilin yanvar-sentyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 38 milyon 762,9 min ton təşkil edib ki, bu da 2018-cı ilin analoji dövrünün göstəricisindən 1,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 9 milyon 663,1 min ton yük və ya bütün yükdaşımaların 24,9%-i dəmir yolu nəqliyyatı (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 3,7% - İF), 25 milyon 376,6 min tonu və ya 65,5%-i avtomobil nəqliyyatı (artım 2,8%), 3 milyon 723,2 min tonu və ya 9,6%-i dəniz nəqliyyatının (azalma 28,3%) payına düşüb.
Hesabat dövründə dəhlizlə daşınan tranzit yüklərin payı bu istiqamətdə yükdaşımaların ümumi həcminin 15,4%-ni və ya 5 milyon 979,7 min ton (azalma 15,5% - İF) təşkil edib.
9 ay ərzində 2 milyon 667 min ton tranzit yük (artım 17,2%) dəmir yolu nəqliyyatı, 3 milyon 312,7 min ton tranzit yük (azalma 31%) dəniz nəqliyyatı ilə daşınıb.
2018-ci ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 673,9 min ton yük, o cümlədən 9 milyon 344,8 min ton (17,7%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova