Azərbaycan Rusiya Federasiyası ilə nəqliyyat, kənd təsərrüfatı, logistika, turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"İkitərəfli əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi, Azərbaycan və Rusiya Federasiyasının rəhbərləri səviyyəsində gələcək əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyən edilməsi ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni səviyyəsini təşkil edir", - deyə o, bu gün Moskvada keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışında bildirib.
Nazirin sözlərinə görə, forum həm də ölkələrin həyata keçirdiyi iqtisadiyyatın modernləşdirilməsi və şaxələndirilməsi siyasəti nöqteyi-nəzərindən ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır.
“Azərbaycan-Rusiya münasibətləri uzun illərdir ki, dostluq, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan investorları Rusiyada müxtəlif layihələrdə iştirak edir, ölkəmizdə birgə layihələr fəal şəkildə həyata keçirilir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, ölkələrimiz arasındakı münasibətlərin əsasında ənənəvi olaraq qarşılıqlı faydalı strateji maraq dayanır”, - deyə M.Cabbarov qeyd edib.
O əlavə edib ki, indi iki ölkə arasında ticarət-iqtisadi potensialın müsbət inkişaf dinamikasının aktivləşdirilməsi və genişləndirilməsi üçün əlverişli zamandır. “Azərbaycan Rusiya ilə tərəfdaşlığa böyük önəm verir və ümid edirik ki, forum iqtisadiyyatın bütün sahələrində, xüsusilə nəqliyyat və logistika, kənd təsərrüfatı, turizm, humanitar sahələrdə fəal əməkdaşlığın inkişafına böyük töhfə verəcək. Bundan başqa, forum işgüzar dairələr arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına və möhkəmlənməsinə xidmət edəcək, o cümlədən strateji səviyyədə Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafına töhfə verəcək”, - deyə iqtisadiyyat naziri vurğulayıb.*
A.Əzizov