Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında 53 min 321,07 ton azot gübrələri ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan $8 milyon 595,17 min məbləğində 53 min 321,07 ton azot gübrələri (ammonium sulfat və sidik cövhəri) ixrac edilib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycandan $8 milyon 560,67 min dəyərində 53 min 171,07 ton sidik cövhəri (nomenklatura kodu 310210 – İF) ixrac edilib. İxracın əsas həcmi Türkiyə ($3 milyon 550,89 min dəyərində 22 min 193,07 ton) və Rusiyanın ($1 milyon 400,4 min dəyərində 8 min 752,5 ton) payına düşüb. Qalan həcm Ukrayna, Bolqarıstan və Rumıniyaya ixrac edilib.
Bundan başqa, hesabat dövründə Azərbaycan $34,5 min dəyərində 150 ton ammonium sulfat (nomenklatura kodu 310221 – İF) ixrac edib. İxracın bütün həcmi İranın payına düşüb.
Hökumətin məlumatına görə, 9 ay ərzində respublikaya $28 milyon 223,04 min dəyərində 126 min 954,29 ton azot gübrələri idxal edilib. İdxalın əsas həcmi ($23 milyon 739,9 min dəyərində 112 min 151,43 ton) ammonium nitratın (Azərbaycanda istehsal edilmir) payına düşüb.
Ammonium nitratın əsas həcmi Rusiyadan ($19 milyon 164,5 min dəyərində 89 min 175,06 ton) idxal edilib. İdxalın qalan həcmi isə Gürcüstanın ($4 milyon 569,69 min dəyərində 22 min 973,62 ton) və digər ölkələrin payına düşüb.*
N.Abbasova