Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramında iştirak edən Şərqi Avropa və Qafqaz ölkələri xarici investorlar üçün getdikcə daha cəlbedici olur. Bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti deyib.
“Mən burada olan bütün investorları və sahibkarları bu regionun böyük potensialından maksimum şəkildə istifadə etməyə çağırıram”, - deyə o, AYİB-in Londonda keçirilən Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində bildirib.
Sammitdə Azərbaycanı baş nazir Əli Əsədov təmsil edib.
“Azərbaycan öz iqtisadiyyatının neft sektorundan şaxələndirilməsi üzərində işləyir”, - deyə AYİB-in prezidenti bildirib.
S.Çakrabarti Şərq Tərəfdaşlığı ölkələrini iqtisadi və insan kapitalına investisiya qoyuluşlarını artırmağa çağırıb. "Bu, iqtisadi inkişafa təkan verməklə yanaşı, həm də bu ölkələrdəki yüksək təhsilli gəncləri öz iqtisadiyyatlarına investisiya qoymağa və başqa yerlərə köçməməyə həvəsləndirəcək", - deyə o qeyd edib.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 avqust 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,43 milyard avro investisiya qoyulub. Hazırda bank respublikada 37 layihə reallaşdırır və 1,4 milyard avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 23%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.*
Ə.Məmmədov