Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanın AYİB-in donor ölkələr icmasına qoşulması haqqında müqavilə imzalanıb. Bu barədə bankın məlumatında deyilir.
Sənədi Azərbaycanın baş naziri Əli Əsədov və AYİB-in prezidenti Suma Çakrabarti imzalayıblar.
“Azərbaycan müqavilə çərçivəsində AYİB-in layihələrinə $2 milyon qrant ayıracaq. Vəsait İqtisadiyyat Nazirliyi tərəfindən ayrılacaq və innovasiya və yeni texnologiyaların, regionların inkişafının, eləcə də enerji səmərəliliyini artıran layihələrdə dayanıqlı və bərpa olunan enerjinin təşviq edilməsi məqsədilə xüsusilə kənd təsərrüfatı sektorunda olmaqla, kiçik və orta sahibkarlıq subyektlərinə və qadınların təsis etdiyi bizneslərə kömək etmək üçün istifadə olunacaq”, - deyə məlumatda bildirilir.
Qrantlar konsaltinq layihələri və nəqliyyat və bələdiyyə infrastrukturuna investisiyaların dəstəklənməsinə yönəldiləcək.
Vəsait investisiya qrantları, təşviqedici ödənişlər və risklərin bölüşdürülməsi vasitələri formasında istifadə oluna bilər.*
Ə.Məmmədov