2020-ci ilin II yarısında Azərbaycanda Aqrar Sığorta Fondu fəaliyyətə başlayacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
“Kənd Təsərrüfatı Nazirliyi müvafiq orqanlarla birlikdə 2020-ci ilin II yarısından "Aqrar Sığorta Fondunun yaradılması və sığorta məhsullarının istehlakçılara təqdim edilməsi haqqında" Fərmanın icrası istiqamətində fəal iş aparır”, - deyə məlumatda bildirilir.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti başda nazir müavini İlhamə Qədimova olmaqla Türkiyəyə işgüzar səfər edib. Səfər çərçivəsində Türkiyə Tarım və Orman Bakanlığı və “TARSİM” AŞ kənd təsərrüfatı sığortası təşkilatı ilə görüşlər keçirilib.
“Azərbaycan nümayəndə heyəti aqrar sığorta sisteminin əməliyyat mühiti və tənzimlənmə çərçivəsi ilə yaxından tanış olub”, - deyə məlumatda qeyd olunur.
Artıq fondun Nizamnaməsi hazırlanıb, sığortalanacaq kənd təsərrüfatı predmetlərinin əhatə dairəsi və təminat veriləcək risklər, o cümlədən sığorta tarifləri hesablanaraq sığorta haqqına dövlət büdcəsi hesabına ödənilməli dəstəyin miqdarı müəyyən edilib.
Prezident İlham Əliyev noyabrın 19-da “Aqrar sığorta haqqında” Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb.*
X.Nəsirzadə