Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını qeyd edir - onun həcmi $2,5 milyarda çatıb.
"Son illər ərzində Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi istiqamətində çox böyük işlər görülüb. Bu işlər artıq öz nəticəsini verir. Ötən ilin yekunları üzrə qarşılıqlı ticarət dövriyyəsi 14 faizə qədər artaraq təxminən 2,5 milyard dollar təşkil edib", - deyə V.Matviyenko Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclasının açılışında bildirib.
O qeyd edib ki, Rusiya Azərbaycanın idxal üzrə əsas ticarət tərəfdaşı və qeyri-xammal mallarının ixracı üzrə bir nömrəli tərəfdaşıdır.
Spikerin sözlərinə görə, iki ölkə arasında investisiya əməkdaşlığı da güclənir - Rusiyanın Azərbaycana birbaşa investisiyaları təxminən 1,5 milyard dollar təşkil edir, Azərbaycan bazarında 700-ə yaxın birgə müəssisə fəaliyyət göstərir.
"Nəqliyyat sektorunda, xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması çərçivəsində intensiv əməkdaşlıq həyata keçirilir. Əminəm ki, bu dəhliz Avrasiyanın ən vacib nəqliyyat arteriyasına çevriləcək və Rusiya və Azərbaycan vasitəsilə Cənubi Asiyadan Avropaya yük daşımalarını əhəmiyyətli dərəcədə tezləşdirəcək", - deyə V.Matviyenko vurğulayıb.*