Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına tədarükünü ən azı iki dəfə artıra bilər. Bunu baş nazirin müavini Şahin Mustafayev deyib.
“Hazırda Azərbaycandan Rusiya bazarlarına ildə təxminən $600 milyon dəyərində kənd təsərrüfatı məhsulları tədarük olunur. Hökumətlərarası komissiyanın iclası çərçivəsində biz analiz etdik və başa düşdük ki, bu rəqəmi ən azı iki dəfə artırmaq olar. Biz buna doğru gedirik. Bu baxımdan vergi-gömrük sahəsində müasir texnologiyaların tətbiqi çox böyük əhəmiyyət kəsb edir”, - deyə Ş.Mustafayev “Vestnik Kavkaza” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya orqanları Azərbaycandan gətirilən malları elektron şəkildə izləyə bilir. "Biz Rusiya bazarlarına daxil olan mallarımızın mənşəyi, keyfiyyəti və bütün digər parametrlərinin yerindəcə avtomatik olaraq yoxlanıla bilməsi üçün bu istiqamətdə addımlar atırıq", - deyə baş nazirin müavini qeyd edib.
Ş.Mustafayev vurğulayıb ki, ümumiyyətlə, iki ölkə arasında münasibətlərin bütün parametrlərinin, bütün prosedurların rəqəmsallaşdırılması zəruridir. "Hər iki tərəf bunda maraqlıdır", - deyə baş nazirin müavini əlavə edib.*
A.Əzizov