Moskva meri Sergey Sobyanin sosial şəbəkələrdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki yenilənmiş “Azərbaycan” pavilyonunun fotolarını nümayiş etdirib. O, bərpaçılar tərəfindən çox böyük işlər görüldüyünü qeyd edib.
“Gənc moskvalılar onu heç vaxt belə görməyiblər. 1939-cu ildə inşa edilmiş pavilyon fasadın möhtəşəmliyi və milli üslubda dekoru ilə heyran qoyub”, - deyə o bildirib.
Mer əlavə edib ki, 1960-cı illərdə ekspozisiyanın dəyişdirilməsi səbəbindən pavilyonun fasadı örtülmüşdü ki, bu da onun görünüşünü tamamilə dəyişdirmişdi. Lakin bərpa işləri başlananda ustalar panellərin altında gizlənmiş pavilyonun gözəlliyinə heyran oldular.
Yenidənqurma işləri zamanı mozaika, tarixi fənərlər və plafonlar, tavanın naxışları, rəngli şüşələrdən ibarət unikal vitrajlar bərpa edilib.
Bundan başqa, bərpaçılar "Çoban" və "Azərbaycan qadını" heykəllərini də Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan tökmələr əsasında bərpa ediblər.
Sobyanin əlavə edib ki, çox böyük işlər görülüb və indi binada Azərbaycanın Ticarət-Sərgi Mərkəzi fəaliyyət göstərəcək.*
X.Nəsirzadə