“R-Pharm” Azərbaycan-Rusiya birgə əczaçılıq müəssisəsi 2019-cu ilin dekabr ayında istifadəyə veriləcək. Bu barədə baş nazirin müavini Şahin Mustafayev məlumat verib.
“Dekabrın 9-da Bakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın iclası çərçivəsində Pirallahı Sənaye Parkında Rusiyanın “P-Farm” əczaçılıq şirkətinin dərman istehsalı zavodunun açılışı keçiriləcək”, – deyə Ş.Mustafayev “Vestnik Kavkaza” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, müəssisəsinin yaradılmasına $80 milyon sərmayə yatırılıb. “Birinci növbə artıq hazırdır. Ümidvaram ki, tezliklə ikinci növbənin də təməlini qoyacağıq”, - deyə o qeyd edib.
Müəssisənin təməli 2016-cı ilin noyabr ayında Pirallahı Sənaye Parkının ərazisində qoyulub. Zavodda ildə 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul istehsal ediləcək. Ümumilikdə ilkin mərhələdə zavodda 89 adda dərman istehsal olunacaq.
İstehsal ediləcək məhsullar Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq.
Prezident İlham Əliyev 2016-cı ilin sentyabr ayında Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Parkın yaradılmasında məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək, sənaye sahəsində sahibkarlığı dəstəkləmək, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təşkil etmək, əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsullarının idxalından asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalı təşviq etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.*
B.Rüstəmbəyov