2019-cu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% - 475 milyon 74,5 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycan bu nəqliyyat dəhlizi ilə yük daşımalarından 155 milyon 400,2 min manat gəlir (artım 16,4%) əldə edib.
Cari ilin yanvar-sentyabr ayları ərzində Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 108 milyon 900,2 min manat (artım 7%) məbləğində olub.
Xəbər verildiyi kimi, 2019-cu ilin 9 ayı ərzində TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 38 milyon 762,9 min ton yük, o cümlədən 5 milyon 979,7 min ton tranzit yük daşınıb.
Bu dövrdə TRACECA ilə 267 milyon 653,2 min nəfər sərnişin daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova