İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən narkokuryer Azərbaycan sərhədçiləri tərəfindən zərərsizləşdirilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında deyilir.
“Noyabrın 23-də Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar. Sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdiriliv. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran İslam Respublikası ərazisinə qaçıb”, - deyə məlumatda bildirilir.
Hadisə yerində 1 ədəd polietilen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub.
İranın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucusunun İİR vətəndaşı olması müəyyən edilib.
“Hazırda hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir”, – deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov